27
Sur şəhəri üçün mərsiyə 
 
1 Mənə Rəbbin bu sözü nazil oldu:  
2 «Sən ey bəşər oğlu, Sur üçün mərsiyə oxuyub  
3 ona söylə ki, sən ey dəniz qapılarında yerləşən, çoxlu sahil xalqı ilə ticarət edən şəhər, Xudavənd Rəbb belə deyir:  
“Ey Sur, sən dedin:  
‹Mən gözəllikdə qüsursuzam›.   
4 Sərhədlərin dənizin qoynunda idi.  
Səni tikənlər gözəlliyini kamil etdi.   
5 Bütün taxtalarını  
Senirin şam ağaclarından düzəltdilər.  
Sənə dor qayırmaq üçün  
Livandan sidr ağacları gətirdilər.   
6 Avarlarını Başanın palıd ağaclarından qayırdılar,  
Göyərtəni fil sümüyü ilə bəzənən,  
Kittim sahillərindən gətirilən  
Şam ağaclarından düzəltdilər.   
7 Sənin yelkənin, bayrağın  
Misirin naxışlı kətanından oldu.  
Talvarın Elişa sahillərinin  
Bənövşəyi və tünd qırmızı parçalarından idi.   
8 Sidonda və Ervadda yaşayanlar  
Sənin avar çəkənlərin idi.  
Ey Sur, səndə bacarıqlı adamlar var idi,  
Gəmiçilərin onlardan idi.   
9 Gəmilərindəki yarıqları təmir edənlər  
Gevalın təcrübəli və bacarıqlı adamları idi.  
Dənizdəki bütün gəmilər və dənizçilər  
Mallarını dəyişmək üçün  
Sənin yanına gəldi.   
10 Fars, Lud və Put əsgərləri  
Ordunda xidmət edirdi.  
Qalxanlarını, dəbilqələrini  
Divarlarından asdılar,  
Sənə əzəmət verdilər.   
11 Ervaddan və Xelekdən gələnlər  
Hər tərəfdən divarlarını qorudu.  
Qammadlılar qüllələrində gözətçi oldu.  
Qalxanlarını divarlarından asdı,  
Gözəlliyini kamil etdi.   
   
 
12 Səndə hər cür mal bol olduğu üçün  
Tarşiş səninlə ticarət etdi,  
Mallarının əvəzinə sənə  
Gümüş, dəmir, qalay və qurğuşun verdilər.   
13 Yavan, Tuval və Meşek səninlə ticarət etdi,  
Mallarının əvəzinə sənə  
Qullar və tunc qablar verdilər.   
14 Bet-Toqarma xalqı  
Mallarının əvəzinə sənə  
At, döyüş atı və qatır verdi.   
15 Dedan xalqı səninlə ticarət etdi,  
Çoxlu sahil xalqı sənin müştərin idi,  
Səndən aldıqları malın əvəzinə  
Fil sümüyü və abnos ağacı verdilər.   
16 Sənin məmulatın çox olduğu üçün  
Aram səninlə ticarət etdi,  
Mallarının əvəzində sənə  
Firuzə, tünd qırmızı qumaş, naxışlı paltarlar,  
İncə kətan, mərcan və yaqut verdilər.   
17 Yəhuda və İsrail ölkəsi səninlə ticarət etdi,  
Mallarının əvəzinə sənə  
Minnit buğdası, darı, bal,  
Zeytun yağı və balzam verdilər.   
18 Sənin məmulatın çox olduğu üçün,  
Səndə hər cür mal bol olduğuna görə  
Dəməşq səninlə ticarət etdi,  
Helbon şərabı, Saxar yunu ilə ticarət etdi.   
19 Vadan və Uzaldan gələn  
Yavan səninlə ticarət etdi.  
Sənə gətirilən mallar arasında  
İşlənmiş dəmir, darçın və ətirli qamış var idi.   
20 Dedan xalqı səninlə ticarət edib  
Sənə yəhər üçün qumaş verdi.   
21 Ərəbistan və bütün Qedar rəhbərləri  
Sənin müştərilərin idi,  
Quzu, qoç və təkə ilə  
Səninlə ticarət etdilər.   
22 Səba və Raama tacirləri  
Səninlə ticarət etdi.  
Mallarının əvəzinə sənə  
Hər cür dəyərli ətriyyat, qiymətli daşlar və qızıl verdilər.   
23 Xaran, Kanne, Eden, Səba tacirləri, Aşşur və Kilmad  
Səninlə ticarət etdi,   
24 Onlar bazarlarında  
Gözəl paltar, bənövşəyi qumaş, naxışlı libaslar,  
Sıx toxunmuş, iplərlə bağlanmış  
Rəngli xalçalarla  
Səninlə ticarət etdi.   
   
 
25  Tarşiş gəmiləri  sənin mallarını daşıdı.  
Dənizin qoynunda böyük yüklə doldun.   
26 Avarçəkənlərin səni açıq dənizlərə çıxartdı,  
Ancaq şərq yeli dənizin qoynunda səni parçaladı.   
27 Gəmin qəzaya uğradığı gün  
Var-dövlətin, malların, ticarət şeylərin,  
Gəmiçilərin, sükançıların,  
Təmirçilərin, ticarət şəriklərin,  
Döyüşçülərin – içində olan bütün camaat  
Dənizin dərinliklərinə batacaq.   
28 Sükançıların fəryadından  
Dənizin sahilləri titrəyəcək.   
29 Avarçəkənlərin hamısı gəmilərini tərk edəcək,  
Gəmiçilərlə sükançıların hamısı  
Gəmilərindən düşüb quruda dayanacaq.   
30 Uca səslə sənin üçün  
Acı-acı fəryad edəcəklər.  
Başlarına torpaq səpələyəcəklər,  
Küldə eşələnəcəklər.   
31 Sənin üçün saçlarını ülgüclə qırxacaqlar,  
Çula bürünəcəklər.  
Sənin üçün acı-acı ağlayıb  
Yas tutacaqlar.   
32 Yaslarında sənin üçün mərsiyə oxuyub  
Belə deyəcəklər:  
‹Dənizin ortasında  
Sur şəhəri kimi susdurulan  
Bir şəhər varmı görəsən?›   
33 Malların dənizin o tayına çatanda  
Çoxlu xalqı doydururdun.  
Böyük var-dövlətinlə, malınla  
Dünya padşahlarını sərvət sahibi edirdin.   
34 İndi isə dənizdə, suların dərinliyində  
Xarabalığa çevrildiyin zaman  
Mal-dövlətin və bütün camaatın  
Səninlə birlikdə batdı.   
35 Sahillərdə yaşayanların hamısı  
Başına gələnlərdən heyrətə düşdü.  
Onların padşahlarının tükləri biz-biz oldu,  
Bənizləri soldu.   
36 Millətlərin arasındakı tacirlər  
Sənə görə fit çalacaq.  
Aqibətin dəhşətli oldu,  
Sən əbədi olaraq yox olacaqsan”».