25
Ammonluların əleyhinə peyğəmbərlik
1 Mənə Rəbbin bu sözü nazil oldu:
2 «Ey bəşər oğlu, üzünü Ammon övladlarına tərəf çevir və onların əleyhinə peyğəmbərlik et.
3 Ammon övladlarına söylə ki, Xudavənd Rəbbin sözünü dinləsinlər. Xudavənd Rəbb belə deyir: “Siz Müqəddəs məkanım ləkələnəndə, İsrail torpağı viran ediləndə və Yəhuda nəsli sürgünə gedəndə ‹nə yaxşı› dediniz.
4 Buna görə də Mən icazə verəcəyəm ki, şərq xalqları sizin torpağınızı fəth etsin. Onlar torpağınızda yurd salacaq, çadır quracaq. Meyvələrinizi onlar yeyəcək, südünüzü onlar içəcək.
5 Rabbanı dəvələr üçün otlağa, Ammon övladlarının torpağını sürülər üçün ağıla çevirəcəyəm. Onda biləcəksiniz ki, Rəbb Mənəm”.
6 Xudavənd Rəbb belə deyir: “İndi ki siz əllərinizi bir-birinə vurub ayaqlarınızı yerə döydünüz və İsrail torpağını təhqir edib fəlakətinə bütün qəlbinizlə sevindiniz,
7 Mən də sizə qarşı əlimi uzadıb sizi qarət malı kimi millətlər arasında bölüşdürəcək, xalqlar sırasından silib-atacaq, ölkələr içindən yox edəcək və məhv edəcəyəm. Onda biləcəksiniz ki, Rəbb Mənəm”.
Moavlıların əleyhinə peyğəmbərlik
8 Xudavənd Rəbb belə deyir: “Moav və Seir xalqı deyir ki, budur, daha Yəhuda nəslinin başqa xalqlardan fərqi yoxdur.
9 Buna görə də Mən Moavın sərhədini açıb ölkənin şöhrəti olan sərhəd şəhərlərini – Bet-Yeşimotu, Baal-Meonu, Qiryatayimi müdafiəsiz qoyacağam.
10 Ammonlular bir daha xalqlar arasında yada salınmasınlar deyə Moavı Ammonluların torpağı ilə birlikdə şərq xalqlarına verəcəyəm.
11 Beləcə Moav xalqını cəzalandıracağam. Onda biləcəklər ki, Rəbb Mənəm”.
Edomluların əleyhinə peyğəmbərlik
12 Xudavənd Rəbb belə deyir: “Edom qisas alaraq Yəhuda nəsli ilə pis rəftar etdi, onlardan intiqam alaraq böyük təqsir etdi”.
13 Buna görə də Xudavənd Rəbb belə deyir: “Edom torpağına əlimi uzadıb insanı da, heyvanı da oradan silib-atacaq, ölkəni viran edəcəyəm. Temandan Dedana qədər Edomlular qılıncla vurulub həlak olacaq.
14 Mən xalqım İsrail vasitəsilə Edomdan Öz qisasımı alacağam. İsraillilər Edomda qəzəb və hiddətimə görə rəftar edəcək. Beləcə Edomlular Mənim qisasımın nə olduğunu anlayacaq” Xudavənd Rəbb belə bəyan edir.
Filiştlilərin əleyhinə peyğəmbərlik
15 Xudavənd Rəbb belə deyir: “Filiştlilər Yəhudadan qisas alaraq pis rəftar etdi, ürəklərindəki əbədi ədavətlə onu yerlə yeksan edərək intiqam aldı”.
16 Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Filiştlilərə qarşı əlimi uzadıb Keretliləri silib-atacağam, dəniz sahilində yaşayanlardan salamat qalanları məhv edəcəyəm.
17 Onları şiddətlə məzəmmətləyib böyük qisaslar alacağam. Onlardan qisas alanda biləcəklər ki, Rəbb Mənəm”».