9
İtaətsiz xalq
1 Ey İsraillilər, qulaq asın! Bu gün sizdən daha böyük, daha qüdrətli millətlərin torpaqlarını irs olaraq almaq üçün İordan çayını keçmək ərəfəsindəsiniz. Onların şəhərləri böyük, hasarları göylərə çatır.
2 Bu güclü, ucaboy xalq Anaqlılardır. Onları tanıyırsınız və barələrində belə eşitmisiniz: “Anaqlıların qarşısında kim dayana bilər?”
3 Bu gün də bilin ki, sizin önünüzdə gedən Allahınız Rəbb hər şeyi yandırıb-yaxan alovdur. Rəbb onları qıracaq, qarşınızda boyun əydirəcək və sizə söylədiyi kimi onları qovub tezliklə yox edəcəksiniz.
4 Allahınız Rəbb onları önünüzdən kənara atanda ürəyinizdə deməyin ki, bu torpağı almaq üçün Rəbb bizi buraya salehliyimizə görə gətirdi. Belə ki Rəbb bu millətləri pis əməllərinə görə önünüzdən qovur.
5 Torpaqlarına girib irs olaraq oranı almağınız sizin salehliyinizə və ürəyinizin düzlüyünə görə deyil. Ancaq Allahınız Rəbb bu millətləri pis əməllərinə görə sizin qarşınızdan qovacaq ki, ata-babalarınız İbrahimə, İshaqa, Yaquba verdiyi vədi yerinə yetirsin.
6 Bilin ki, Allahınız Rəbb salehliyinizə görə bu gözəl torpağı mülk olaraq almaq üçün sizə vermir, çünki siz dikbaş bir xalqsınız.
7 Bunu yada salın və Allahınız Rəbbi səhrada necə qəzəbləndirdiyinizi unutmayın. Misir torpağından çıxdığınız gündən bu yerə gələnədək Rəbbə qarşı nə qədər itaətsizlik etdiniz.
8 Rəbbi Xorevdə qəzəbləndirdiniz. Rəbb sizi məhv edəcək qədər hiddətləndi.
9 Mən Rəbbin sizinlə etdiyi əhdin lövhələri olan daş lövhələri götürmək üçün dağa çıxanda orada qırx gün-qırx gecə qaldım: nə çörək yedim, nə də su içdim.
10 Rəbb Allah mənə Öz barmağı ilə yazdığı iki daş lövhə verdi. Yığıldığınız gün dağda Rəbbin sizə alovun içindən bildirdiyi bütün əmrlər onların üzərində yazılmışdı.
11 Rəbb iki daş lövhəni – əhd lövhələrini qırx gün-qırx gecənin sonunda mənə verdi.
12 Sonra Rəbb dedi: “Tez ol, dağdan en, çünki Misirdən çıxardığın xalq əxlaqsızlıq edir. Onlar buyurduğum yoldan yaman tez azdılar. Özlərinə tökmə büt yaradıblar”.
13 Rəbb mənə bunu da söylədi: “Görürəm ki, bu xalq dikbaş xalqdır.
14 Qoy onları yox edim. Adlarını səma altından silim. Səndən isə onlardan daha güclü, daha böyük millət törədim”.
15 Mən dönərək dağdan aşağı endim. Dağ alovlanıb yanırdı. Əhdin yazıldığı iki lövhə əlimdə idi.
16 Gördüm ki, Allahınız Rəbbə qarşı günah edirsiniz. Özünüz üçün danayabənzər bir tökmə büt düzəltmisiniz və Rəbbin sizə buyurduğu yoldan yaman tez azmısınız.
17 Buna görə də əlimdə tutduğum iki lövhəni atdım və gözünüz önündə onları parça-parça etdim.
18 Yenə Rəbbin hüzurunda heç nə yeyib-içmədən qırx gün-qırx gecə yerə sərilib qaldım, çünki günah etmişdiniz və Rəbbin gözündə pis sayılan işlər görərək Onu qəzəbləndirmişdiniz.
19 Rəbbin qızğın qəzəbi qarşısında qorxdum. Qəzəbi o qədər alovlanmışdı ki, O sizi yox etmək istəyirdi. Amma Rəbb yenə də yalvarışımı eşitdi.
20 Rəbb Haruna da hiddətlənmişdi. Onu da yox etmək istəyirdi. O an Harun üçün də yalvardım.
21 Etdiyiniz günah əşyasını – o danayabənzər tökmə bütü götürüb oda atdım və sındırdım, əzib toza döndərdim. Sonra tozu dağdan axan selə tökdüm.
22 Siz Taverada, Massada, Qivrot-Hattaavada da Rəbbi qəzəbləndirdiniz.
23 Rəbb sizi Qadeş-Barneadan yola salarkən belə buyurmuşdu: “Gedin, sizə verəcəyim torpağı özünüz üçün irs olaraq alın”. Siz isə Allahınız Rəbbin əmrinə qarşı çıxdınız, Rəbbə güvənmədiniz, sözünə qulaq asmadınız.
24 Sizi tanıyan gündən bu vaxta qədər dayanmadan Rəbbə qarşı üsyankar oldunuz.
25 Rəbb sizi yox edəcəyini söylədiyi üçün qırx gün-qırx gecə Onun hüzurunda yerə döşənib qaldım.
26 Rəbbə yalvarıb dedim: “Ya Xudavənd Rəbb, Misirdən böyük qüvvətinlə, qüdrətli əlinlə çıxararaq qurtardığın xalqını, Öz irsini yox etmə.
27 Qulların İbrahimi, İshaqı, Yaqubu yada sal. Bu xalqın dikbaşlığına, pisliyinə, günahına nəzər salma.
28 Yoxsa bizi çıxartdığın ölkənin xalqı deyəcək ki, Rəbb onları vəd etdiyi torpağa apara bilmədi və bu xalqa nifrət etdiyi üçün onları səhrada məhv etmək məqsədi ilə Misirdən çıxartdı.
29 Halbuki onlar Sənin xalqın, Sənin irsindir. Sən onları böyük qüdrətinlə, uzanan qolunla oradan çıxartmısan”.