QANUNUN TƏKRARI
KİTABI
GİRİŞ
«Qanunun Təkrarı» Kitabı Musa peyğəmbər Moav səhrasında olarkən İsrail xalqına söylədiyi nitqdir. Kitabda yazılan mühüm hadisələr bunlardır: Musa ötən qırx il ərzində baş vermiş hadisələri yada salır. O, xalqı Allaha itaətli və sadiq olmağa çağırır, Allahın onları səhradan necə keçirtdiyini yadda saxlasınlar deyə xalqa müraciət edir. Musa Müqəddəs Qanunun əsası olan On Əmri (5:6-21), həmçinin vəd olunmuş torpaqda İsrail xalqının həyatını istiqamətləndirən qanunları nəzərdən keçirir. O, Allahın kim olduğunu dönə-dönə İsrail xalqının yadına salır.
Musa İsrail xalqına Allahın onlarla bağladığı əhdinin mənasını xatırladır və əhdin şərtlərinə əsasən xalqı Allaha həsr olunmağa çağırır. Allah Musadan sonra Yeşuanı İsrail xalqına rəhbər olmağa çağırır. Musa Allahı mədh edən ilahi qoşub oxuyur və İsrail qəbilələrinə xeyir-dua verdikdən sonra Moavda – İordan çayının şərqində vəfat edir.
Kitabın əsas mövzusu budur: Allah seçdiyi xalqı sevdiyinə görə xilas edir və xeyir-dua verir. Buna görə də İsrail xalqı bunu yadda saxlamalı və xeyir-dualı həyat sürmək üçün Allaha itaət etməlidir. İsa Məsihin ən böyük əmr adlandırdığı əmrin sözləri bu kitabdandır:
«Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev» (6:5).
Kitabın məzmunu:
1:1–4:49 Musanın xalqa nidası
5:1–26:19 Musa qanunu və əmrləri təkrarlayır
27:1–28:68 Bərəkət və lənət
29:1–30:20 Əhdin yeniləşməsi
31:1–33:29 Musanın son sözləri
34:1-12 Musanın ölümü
1
Qanunun izahı
İordan çayının şərq tərəfində səhrada Paranla Tofel, Lavan, Xaserot və Di-Zahav arasında, Sufun qarşısında olan Arava vadisində Musanın bütün İsraillilərə söylədiyi sözlər bunlar idi: Seir dağının yolu ilə getmək üçün Xorevdən Qadeş-Barneaya qədər on bir günlük yol var idi. Misirdən çıxdıqlarının qırxıncı ilində, on birinci ayın birində Musa Rəbbin İsrail övladları üçün ona əmr etdiyi hər şeyi söylədi. * Musa Xeşbonda yaşayan Emorluların padşahı Sixonu və Aştarotda, Edreidə yaşayan Başan padşahı Oqu məğlub edəndən sonra bu nitqi söylədi. İordan çayının şərq tərəfində yerləşən Moav torpağında Musa bu Qanunu izah etməyə başladı.
Xorevdən çıxma
«Xorevdə olanda Allahımız Rəbb bizə belə dedi: “Bəsdir bu dağda yaşadığınız! Qalxın buradan köçüb Emorluların dağlıq bölgəsinə, Arava vadisində, dağlarda, yamaclı-düzənlikli bölgədə, Negevdə və dəniz kənarında yaşayan bütün qonşu xalqların arasına, böyük Fərat çayına qədər uzanan Kənan torpağına və Livana gedin. Sizin qarşınıza çıxardığım torpaq budur. Rəbbin atalarınıza – İbrahimə, İshaqa, Yaquba özləri üçün və özlərindən sonra gələn övladları üçün vəd etdiyi bu torpağa girərək oranı özünüzə mülk edin”.
O vaxt mən sizə belə dedim: “Təkbaşına sizin yükünüzü daşıya bilmərəm. 10 Allahınız Rəbb sizi çoxaltdı və budur, bu gün siz göydəki ulduzlar qədər çoxsunuz. 11 Qoy atalarınızın Allahı Rəbbin söylədiyi kimi olsun, sizə xeyir-dua verərək olduğunuzdan min qat artıq etsin. 12 Axı mən təkbaşına zəhmətinizə, əziyyətinizə və münaqişələrinizə necə tab gətirim? 13 Özünüz üçün hər qəbilədən müdrik, uzaqgörən və təcrübəli adamlar seçin. Mən onları sizə başçı təyin edəcəyəm”. 14 Siz də “sən deyən yaxşıdır” dediniz. 15 Mən qəbilələrinizin müdrik və təcrübəli ağsaqqallarından götürüb sizə minbaşı, yüzbaşı, əllibaşı, onbaşı və qəbilə məmurları təyin etdim. 16 O vaxt hakimlərinizə belə əmr etdim: “Aralarında münaqişəsi olan soydaşlarınızı dinləyin. Münaqişə istər İsrailli soydaşlarınız arasında, istərsə bir İsrailli ilə yadelli arasında olsun, hökm çıxararkən ədalətli olun. 17 Heç kimə tərəfkeşlik etmədən kiçiyi də böyük kimi dinləyərək hökm çıxarın. İnsan şəxsiyyətindən qorxmayın, hökm Allahındır. Sizin üçün çətin olan münaqişəli məsələləri isə mənim yanıma gətirin. Mən onlara qulaq asaram”. 18 O vaxt edəcəyiniz şeylərin hamısını sizə əmr etdim.
Vəd edilən torpaqların gözdən keçirilməsi
(Say. 13:1-33)
19 Sonra biz Xorevdən köçdük. Allahımız Rəbbin bizə əmr etdiyi kimi gördüyünüz böyük və qorxunc səhranı keçərək Emorluların dağlıq bölgəsinə tərəf köçüb Qadeş-Barneaya çatdıq. 20 Mən orada sizə dedim: “Allahınız Rəbbin bizə verdiyi Emorluların dağlıq bölgəsinə çatdınız. 21 Budur, Allahınız Rəbb torpağı sizə verdi. Atalarınızın Allahı Rəbbin sizə söylədiyi kimi qalxın, oranı mülk edin. Heç nədən qorxub çəkinməyin”. 22 O zaman hamınız yanıma gəlib dediniz: “Adamlar göndərək, qoy əvvəlcə torpağı onlar nəzərdən keçirsinlər. Qoy gedəcəyimiz yol və çatacağımız şəhərlər barədə bizə məlumat gətirsinlər”. 23 Bu fikir xoşuma gəldi. Hər qəbilədən bir nəfər olmaqla aranızdan on iki nəfər götürdüm. 24 Onlar dağlıq bölgəsinə qalxdılar. Eşkol vadisinə qədər gəlib oranı gözdən keçirdilər. 25 Bu torpağın məhsullarından əllərinə götürüb yanımıza qayıtdılar və belə məlumat verdilər: “Allahımız Rəbbin bizə vermək istədiyi münbit torpaqdır”.
Rəbbə qarşı üsyankarlıq
(Say. 14:1-45)
26 * Siz isə Allahımız Rəbbin əmrinə qarşı çıxaraq oraya qalxmaq istəmədiniz. 27 Öz çadırlarınızda deyindiniz: “Rəbb bizə nifrət edir. Bizi Misir ölkəsindən ona görə çıxartdı ki, Emorlulara təslim etsin və həlak etsin. 28 Axı biz hara gedirik? Soydaşlarımız ‹o xalq sayca bizdən çox və ucaboydur, böyük şəhərləri, göyə çatan hasarları var, Anaqlıları da orada gördük› deyə-deyə bizdə ürək qoymadılar”.
29 Onda mən sizə dedim: “Onlardan qorxub çəkinməyin. 30 * Allahınız Rəbb qarşınızca gedir. Sizin üçün Özü döyüşəcək. Misirdə və səhrada gözünüz qarşısında sizin üçün etdiyi hər şeyi yenə də edəcəkdir. 31 İnsan öz balasını apardığı kimi səhradan bu yerə çatana qədər Allahınız Rəbbin də sizi elə apardığını gördünüz”. 32 * Buna baxmayaraq, sizə düşərgə salmağa yer axtarmaq və gedəcəyiniz yolu göstərmək üçün gecə alovla, gündüz buludla 33 qarşınızca yol gedən Rəbbə etibar etmədiniz.
34 * Rəbb bu danışığınızı eşidib qəzəbləndi və and içərək dedi: 35 “Atalarınıza vermək üçün and etdiyim bu gözəl torpağı Yefunne oğlu Kalevdən başqa bu iyrənc nəslin adamlarından heç biri görməyəcək. 36 Oranı Kalev görəcək. Tamamilə Rəbbin ardınca getdiyi üçün ayaq basdığı torpağı ona və övladlarına verəcəyəm”. 37 Sizin ucbatınızdan Rəbb mənə də qəzəbləndi və belə dedi: “Sən də oraya girməyəcəksən. 38 Oraya sənin köməkçin Nun oğlu Yeşua girəcək. Onu cəsarətləndir, çünki torpağı İsraillilərə irs olaraq o böləcək. 39 ‹Əsir olacaqlar› dediyiniz balalarınız, yaxşını pisdən hələ ayıra bilməyən uşaqlarınız oraya girəcəklər. Ölkəni onlara verəcəyəm, oranı onlar mülk olaraq alacaqlar. 40 Siz isə dönüb Qırmızı dəniz yolundan səhraya köçün”.
41 Sonra siz mənə belə cavab verdiniz: “Rəbbə qarşı günah etdik. Allahımız Rəbbin bizə etdiyi əmrə əsasən çıxıb döyüşəcəyik”. Hamınız dağlığa çıxmağın asan olduğunu düşünərək döyüş silahlarına sarıldınız. 42 * Rəbb mənə dedi: “Onlara de ki, aralarında Mən yoxam. Döyüşə çıxmasınlar, yoxsa düşmənlərinə məğlub olarlar”. 43 Siz isə mənim sözümə qulaq asmadınız. Rəbbin əmrinə qarşı çıxaraq döyüşə çıxmağa cürət etdiniz. 44 Bu dağlıq bölgəsində yaşayan Emorlular müqavimət göstərərək sizi arı kimi qovdular və sizi Seirdən Xormaya qədər qırdılar. 45 Belə olanda qayıdıb Rəbbin hüzurunda ağladınız, lakin Rəbb səsinizi eşitmədi və sizə qulaq asmadı. 46 Uzun müddət yerinizdəcə – Qadeşdə qaldınız.
* 1:4 Say. 21:21-35 * 1:26 Qanun. 9:23; İbr. 3:16 * 1:30 Həv. 13:18 * 1:32 İbr. 3:19 * 1:34 İbr. 3:18 * 1:42 Say. 14:42,45