8
Danielin ikinci görüntüsü
Əvvəl mənə gələn görüntüdən sonra padşah Belşassarın hökmranlığının üçüncü ilində mən Danielə başqa bir görüntü gəldi. Görüntüdə özümü Elam vilayətinin Şuşan qalasında gördüm. Həmin görüntüdə mən Ulay kanalının kənarında dayanmışdım. Başımı qaldırıb gördüm ki, kanalın kənarında bir qoç durub. Onun iki buynuzu var idi. Buynuzlarının hər ikisi uzun idi, biri digərindən uzun idi və uzun olan sonradan çıxdı. Mən gördüm ki, bu qoç qərbə, şimala və cənuba tərəf buynuz vurur. Heç bir heyvan onun qabağında dura bilmirdi və onun əlindən qurtaran yox idi. O istədiyini etdi və özünü yüksəltdi.
Mən bu barədə düşünərkən qərbdən bir təkə gəldi. Onun gözləri arasında gözə çarpan bir buynuzu var idi. O, ayağı yerə toxunmadan bütün yer üzünü keçdi. O, kanalın kənarında durduğunu gördüyüm iki buynuzu olan qoçun yanına gəldi və böyük qızğınlıqla onun üstünə atıldı. Mən gördüm ki, o qeyzə gəlib qoça hücum etdi və qoçu vurub iki buynuzunu qırdı. Qoçda onun qabağında durmağa qüvvət yox idi. O, qoçu yerə yıxıb tapdaladı. Qoçu onun əlindən qurtaran olmadı. Bir müddət təkə özünü çox yüksəltdi, ancaq qüvvətlənəndə böyük buynuzu qırıldı. Onun əvəzinə göylərin dörd səmtinə doğru yönəlmiş gözə çarpan dörd buynuz çıxdı.
Onların birindən başqa bir kiçik buynuz çıxıb cənuba, şərqə və Gözəl ölkəyə * doğru çox uzandı. 10 * Səma ordusuna qədər uzanıb bu ordunun və ulduzların bir hissəsini yerə salaraq tapdaladı. 11 Hətta bu ordunun Başçısına qədər özünü yüksəltdi. Onun daimi yandırma qurbanı dayandırıldı və Müqəddəs məkanı təhqir olundu. 12 Qanunsuzluq üzündən bu ordu və daimi yandırma qurbanı kiçik buynuza təslim edildi. O, həqiqəti yerə vurub etdiyi hər işdə uğur qazandı. 13 Mən bir müqəddəsin səsini eşitdim və başqa bir müqəddəs danışana sual verdi: «Daimi yandırma qurbanı və viranəlik gətirən qanunsuzluq barədəki görüntü nə vaxta qədər uzanır? Müqəddəs yerin və ordunun tapdalanmasına nə vaxta qədər icazə veriləcək?» 14 Sonra mənə dedi: «İki min üç yüz axşam və səhər keçənə qədər. Ondan sonra müqəddəs yer bərpa olunacaq».
15 Mən Daniel bu görüntünü görəndə onun mənasını öyrənmək istədim. Bu zaman qarşımda insan simasında olan bir nəfər dayandı. 16 * Mən Ulay kanalından bir insan səsi eşitdim. O nida edib «ey Cəbrayıl, bu görüntünü ona izah et» dedi. 17 O dayandığım yerə yaxınlaşdı. Yanıma çatanda mən dəhşətə düşüb üzüstə yıxıldım. O mənə dedi: «Ey bəşər oğlu, bil ki, bu görüntü axır zamana aiddir». 18 O mənimlə danışdığı vaxt üzüstə yıxılıb dərin yuxuya getmişdim. O məni tutub ayaq üstə qaldırdı 19 və dedi: «Bax daha sonra Allahın qəzəb günlərində nə baş verəcəyini sənə bildirirəm, çünki görüntü axır zamanın müəyyən vaxtına aiddir.
20 Gördüyün iki buynuzlu qoç Midiya və Fars padşahlarıdır. 21 Tüklü təkə isə Yunan padşahıdır, onun gözləri arasında olan böyük buynuz isə birinci padşahdır. 22 Qırılan buynuzun yerinə çıxan dörd buynuz o millətdən çıxacaq dörd padşahlığı təmsil edir. Ancaq onlar birinci padşah qədər güclü olmayacaq. 23 Onların hakimiyyətinin sonunda isə qanunsuzlar azğınlıq edəndə həyasız və hiyləgərlikdə mahir bir padşah çıxacaq. 24 O çox güclənəcək, ancaq öz gücü ilə yox. Heyrətləndirici dağıntılar törədəcək, etdiyi hər işdə uğur qazanacaq, igid adamları və müqəddəs xalqı qıracaq. 25 Öz hiyləgərliyi ilə məkrli işlərində uğur qazanacaq və ürəyində özünə qürrələnəcək. Əmin-amanlıqda yaşayan çoxlu adamı həlak edəcək və başçılar Başçısına qarşı çıxacaq, ancaq əl dəymədən məhv olacaq. 26 Axşam və səhər barədə sənə göstərilən bu görüntü həqiqətdir. Ancaq sən bu görüntünü gizli saxla, çünki o, uzaq dövrə aiddir».
27 Onda mən Daniel taqətdən düşdüm və bir neçə gün xəstə oldum. Sonra qalxıb padşahın işləri ilə məşğul olmağa başladım. Mən bu görüntüdən çaşqın hala gəlmişdim, onu anlaya bilmirdim.
* 8:9 Gözəl ölkə – İsrail nəzərdə tutulur. * 8:10 Vəhy 12:4 * 8:16 Dan. 9:21; Luka 1:19,26