2
Mən sizi kədərləndirməmək üçün qərara aldım ki, yenə yanınıza gəlməyim. Çünki sizi kədərləndirsəm, kədərləndirdiyim sizlərdən başqa məni kim şadlandıracaq? Bunu yazmışdım ki, gəldiyim zaman məni sevindirəsi insanlar kədərləndirməsin. Hamınıza inanıram ki, mənim sevincim hər birinizin sevincidir. Kədərləndirmək üçün deyil, sizə bəslədiyim hədsiz məhəbbəti dərk edəsiniz deyə sizə böyük əziyyət, ürək ağrısı və göz yaşları içində yazdım.
Günahkarı bağışlamaq
Əgər kimsə kədər gətiribsə, şişirtmədən deyim ki, mənə deyil, haradasa hamınıza kədər gətirib. Beləsinə ictimaiyyətin verdiyi bu cəza bəsdir. Hədsiz kədərə qərq olmasın deyə yaxşı olar ki, o insanı indi bağışlayasınız və təsəlli verəsiniz. Buna görə sizdən xahiş edirəm ki, yenidən ona məhəbbət göstərin. Bunu da sizə yazdım ki, hər vəziyyətdə sizin itaətli olmağınızı yoxlayım. 10 Kimi bağışlasanız, mən də bağışlayaram. Əgər mən bir şeyi bağışlamışamsa, Məsihin hüzurunda sizin xeyriniz üçün bağışlamışam ki, 11 Şeytan bizdən mənfəət qazanmasın. Çünki onun niyyətlərindən xəbərsiz deyilik.
Yeni Əhdin xidmətçiləri
12 *Məsihin Müjdəsini yaymaq məqsədi ilə Troasa gələndə Rəbdən mənim üçün bir qapı açıldı. 13 Amma qardaşım Titi orada tapmayanda ürəyim narahat oldu. Ona görə oradakılarla xudahafizləşib Makedoniyaya gəldim.
14 Bizi həmişə Məsihin zəfər təntənəsində addımladan, Onu tanımaqdan yaranan ətri bizim vasitəmizlə hər tərəfə yayan Allaha şükür olsun! 15 Çünki biz həm xilas, həm də həlak olanlar arasında Allaha xoş olan Məsih ətriyik. 16 Həlak olanlar üçün ölümə aparan ölüm qoxusu, xilas olanlar üçünsə həyata aparan həyat ətriyik. Belə bir iş üçün kim yararlıdır? 17 Axı biz çoxları kimi Allah kəlamının alverçiləri deyilik; əksinə, Allah tərəfindən göndərilib Allahın hüzurunda, Məsihdə olaraq səmimi qəlbdən danışırıq.
* 2:12 Həv. 20:1