14
Naməlum dillər və peyğəmbərlik ənamları
1 Məhəbbətin ardınca gedin və ruhani ənamları, xüsusilə, peyğəmbərlik ənamını səylə istəyin.
2 Çünki naməlum dildə danışan, adamlarla yox, Allahla danışır. Onu heç kim başa düşmür. O, Ruh vasitəsilə sirlər söyləyir.
3 Peyğəmbərlik edənsə adamlarla onları ruhən inkişaf etdirmək, həvəsləndirmək və təsəlli vermək üçün danışar.
4 Naməlum dildə danışan özünü inkişaf etdirir, peyğəmbərlik edənsə cəmiyyəti inkişaf etdirir.
5 İstərdim ki, hamınız dillərdə danışasınız, daha yaxşı olar ki, peyğəmbərlik edəsiniz. Çünki cəmiyyətin inkişafı üçün peyğəmbərlik edən insan dillərdə danışan və izah etməyən insandan üstündür.
6 İndi isə, qardaşlar, yanınıza gəlib dillərdə danışsam, amma nazil olan sözü, bilik, peyğəmbərlik yaxud təlim sözünü sizə deməsəm, sizə nə xeyrim dəyər?
7 Tütək ya da çəng kimi cansız alətlər fərqli səslər çıxarmazsa, eşidən nə çalındığını necə bilər?
8 Əgər şeypur aydın olmayan səs çıxararsa, döyüşə kim hazırlaşar?
9 Eyni tərzdə də əgər siz dilinizlə anlaşılan sözlər söyləməsəniz, dediyinizi necə başa düşərlər? Siz havaya danışmış olursunuz!
10 Şübhəsiz, dünyada bir çox cürbəcür danışıqlar var və onlardan heç biri mənasız deyil.
11 Amma söylənilən danışığın mənasını bilmirəmsə, mən danışan üçün yadelli oluram, danışan da mənə yadelli olur.
12 Eləcə siz də ruhani ənamları səylə istədiyiniz üçün cəmiyyəti inkişaf etdirən ənamlarda üstün olmağa çalışın.
13 Bu səbəbdən də naməlum dildə danışan öz dediklərini izah edə bilməsi üçün dua etsin.
14 Çünki əgər mən naməlum dildə dua edirəmsə, ruhum dua edir, amma şüurum bəhrəsiz qalır.
15 Bəs mən nə edim? Ruhən də, şüurlu surətdə də dua edəcəyəm, ruhən də, şüurlu surətdə də ilahi oxuyacağam.
16 Təlim öyrənməmiş adamın vəziyyətini nəzərə al. Sən yalnız ruhən şükür duası edirsənsə, o sənin şükranına necə «Amin!» desin? Axı sənin nə dediyini başa düşmür.
17 Əlbəttə, sən yaxşı şükür edirsən, amma bu adam inkişaf edə bilməz.
18 Mən dillərdə hamınızdan çox danışdığım üçün Allaha şükür edirəm.
19 İmanlılar cəmiyyətində isə naməlum dildə minlərlə söz deməkdənsə başqalarını öyrətmək üçün şüurlu surətdə beş kəlmə deməyi üstün tuturam.
20 Qardaşlar, əqlən uşaq olmayın. Pisliyə münasibətdə körpə olun, amma əqlən yetkin olun.
21 Qanunda yazılıb:
«Rəbb deyir:
“Bu xalqla yadellilərin ağzı ilə,
Başqalarının dilləri ilə danışacağam.
Amma onlar hətta o vaxt məni eşitmək istəməyəcəklər”».
22 Beləliklə, naməlum dillər iman edənlər üçün deyil, imansızlar üçün bir əlamətdir. Peyğəmbərlik isə iman etməyənlər üçün deyil, imanlılar üçündür.
23 Əgər bütün cəmiyyət bir yerdə toplaşıb, hamı naməlum dillərdə danışmağa başlayarsa və təlim öyrənməmiş adamlar yaxud iman etməyənlər oraya girərlərsə, deməzlər ki, siz ağlınızı itirmisiniz?
24 Amma hamı peyğəmbərlik edirsə və oraya iman etməyən yaxud təlim öyrənməmiş adam girirsə, o hamı tərəfindən inandırılacaq, hər sözlə özünü araşdıracaq.
25 Ürəyindəki gizli fikirlər aşkara çıxacaq və o üzüstə yerə döşənib Allaha səcdə edəcək və «Allah, həqiqətən, aranızdadır!» deyib nida edəcək.
Düzgün ibadət
26 Bəs onda nə deyək, ey qardaşlar? Toplaşanda hər birinizin bir ilahisi, bir dərsi, bir nazil olan sözü, bir naməlum dildə sözü, bir izahı var. Qoy bunlar hamısı bir-birinizin inkişafı üçün olsun.
27 Əgər kimsə naməlum dildə danışırsa, iki yaxud ən çox üç adam növbə ilə danışsın, bir nəfər də izah etsin.
28 Əgər izah edən yoxdursa, naməlum dildə danışan cəmiyyətdə sussun, yalnız özü ilə və Allahla danışsın.
29 İki ya üç peyğəmbər danışsın, başqaları isə onların dediklərini ayırd etsin.
30 Əgər oturanlardan birinə nazil olan söz gələrsə, ilk danışan sussun.
31 Çünki hamınız bir-birinizin ardınca peyğəmbərlik edə bilərsiniz ki, hamınız təlim öyrənib ruhlanasınız.
32 Peyğəmbərlərin ruhları da peyğəmbərlərə tabe olur.
33 Çünki Allah qarışıqlıq deyil, sülh qaynağıdır. Müqəddəslərin bütün cəmiyyətlərində belədir.
34 Qadınlar cəmiyyət toplantılarında sussun, çünki onlara danışmağa icazə verilmir; onlar Qanunun da buyurduğu kimi tabe olsunlar.
35 Öyrənmək istədikləri bir şey varsa, evdə ərlərindən soruşsunlar. Çünki qadına cəmiyyətdə danışmaq ayıbdır.
36 Məgər Allahın kəlamı siz Korinflilərdən qaynaqlandı, yoxsa yalnız sizə çatdı?
37 Kim özünü peyğəmbər və ya ruhani hesab etsə, qoy bilsin ki, sizə yazdıqlarım Rəbbin əmridir.
38 Kim buna əhəmiyyət verməsə, ona da əhəmiyyət verilməyəcək.
39 Beləliklə, qardaşlarım, peyğəmbərlik etməyi səylə istəyin və naməlum dillərdə danışmağa da mane olmayın.
40 Amma qoy hər şey ədəblə və intizamla edilsin.