11
*Mən Məsihdən nümunə götürdüyüm kimi siz də məndən nümunə götürün.
Məsihçi nizam-intizamı
Hər işdə məni xatırladığınız və sizə tapşırdığım təlimlərə sadiq qaldığınız üçün sizi tərifləyirəm. Bunu da bilmənizi istəyirəm ki, hər kişinin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır. Başına nə isə qoyub dua yaxud peyğəmbərlik edən hər kişi öz başını şərəfsiz edir. Başıaçıq dua yaxud peyğəmbərlik edən hər qadın da öz başını şərəfsiz edir. Belə qadınla saçları qırxılmış qadın arasında fərq yoxdur. Əgər qadın başını örtmürsə, qoy saçlarını qısa kəssin. Amma əgər qadın üçün saçını qısa kəsməsi yaxud qırxması ayıbdırsa, qoy başını örtsün. *Beləliklə, kişiyə Allahın surəti və izzəti olduğuna görə başını örtmək olmaz. Qadınsa kişinin izzətidir. *Çünki kişi qadından yox, qadın kişidən yarandı. Kişi qadın üçün yox, qadın kişi üçün yaradıldı. 10 Bu səbəbdən mələklərə görə qadının başı üzərində ixtiyarı olmalıdır. 11 Hər halda Rəbdə nə qadın kişidən, nə də kişi qadından müstəqildir. 12 Çünki qadın kişidən yarandığı kimi kişi də qadın vasitəsilə yaranır və hər şey Allahdan yaranır. 13 Özünüz qərara gəlin, Allaha başıaçıq dua etmək qadına yaraşarmı? 14 Məgər təbiətin özü sizə kişinin saçı uzun olmasının özü üçün hörmətsizlik, 15 qadının saçlarının uzun olması isə onun üçün şərəf olduğunu öyrətmir? Çünki qadına saç örtük kimi verilib. 16 Bu barədə kim mübahisə etmək istəyirsə, bilsin ki, bizim də, Allahın cəmiyyətlərinin də belə bir adəti yoxdur.
Rəbbin süfrəsinə aid təlimat
17 Sizin toplantılarınız xeyirdən çox zərər gətirdiyinə görə aşağıda yazılan əmrlərdən çıxış edərək sizi tərifləmirəm. 18 Çünki əvvəl eşitmişəm ki, cəmiyyətdə yığılanda aranızda dəstəbazlıq olur. Buna mən bir az da olsa, inanıram. 19 Çünki Allahın sınaqdan keçmiş adamları bəlli olsun deyə aranızda firqələrə bölünmə olmalıdır! 20 Xüsusən bir yerə toplaşanda yediyiniz Rəbbin süfrəsi deyil. 21 Çünki biriniz o birisini gözləmədən süfrənizi açırsınız və biri ac qalır, o birisi isə sərxoş olur. 22 Yeyib-içmək üçün evləriniz yoxdurmu? Bəlkə siz Allahın cəmiyyətinə xor baxırsınız və yoxsulları utandırmaq istəyirsiniz? Sizə nə deyim? Sizi tərifləyimmi? Əsla! Bu işdə sizi tərifləməyəcəyəm.
23 Çünki sizə çatdırdığım bu xəbəri Rəbbin Özündən qəbul etmişəm: Rəbb İsa Ona xəyanət edildiyi gecə əlinə çörək götürdü, 24 şükür edib onu böldü və dedi: «Bu* Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin». 25 *Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. Bunu hər dəfə içəndə Məni xatırlamaq üçün edin». 26 Çünki hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz Rəbbin gəlişinədək Onun ölümünü bəyan edirsiniz.
27 Buna görə də kim layiq olmayan tərzdə Rəbbin bu çörəyini yeyib yaxud Onun kasasından içsə, Rəbbin bədəninə və qanına qarşı təqsirkardır. 28 Bunun əvəzinə qoy insan özünü yoxlasın və sonra bu çörəkdən yeyib bu kasadan içsin. 29 Çünki kim Rəbbin bədənini dərk etməmiş yeyib-içsə, yeyib-içərək öz üzərinə mühakimə gətirir. 30 Bu səbəbdən də bir çoxunuz zəif və xəstədir, bəziləri isə vəfat etmişdir. 31 Əgər biz özümüzü düzgün dərk etsəydik, mühakiməyə düşməzdik. 32 Rəbb bizi mühakimə edəndə dünya ilə birlikdə məhkum olunmayaq deyə bizi tərbiyə edir.
33 Beləliklə, qardaşlarım, yeməyə toplaşanda bir-birinizi gözləyin. 34 Ac olan varsa, qoy evində yesin ki, toplantınız mühakiməyə çevrilməsin. Qalan məsələləri isə özüm gələndə nizama salacağam.
* 11:1 1Kor. 4:16; Fil. 3:17 * 11:7 Yar. 1:26-27 * 11:8 Yar. 2:18-23 * 11:24 Bu – bəzi əlyazmalarda Alın və yeyin, bu (Mat. 26:26). 11:24 Verilən – bəzi əlyazmalarda əzilən. * 11:25 Çıx. 24:6-8; Yer. 31:31-34 11:29 Rəbbin bədənini – hərfi tərcümədə bədəni, bəzi əlyazmalarda layiq olmayan tərzdə Rəbbin bədənini.