HƏVARİLƏRİN İŞLƏRİ
GİRİŞ
«Həvarilərin İşləri» Lukanın nəql etdiyi Müjdənin davamıdır. Onun əsas mövzusu İsanın ilk ardıcıllarının Müqəddəs Ruhla dolduğunu və Onun haqqındakı Müjdəni «Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə» yaydıqlarını danışmaqdır (1:8).
Bu, Yəhudi xalqının arasında başlamış və sonralar bütün dünyaya yayılmış məsihçi imanının başlanğıcının tarixçəsidir. Bütün bu hadisələr imanlıların birlikdə yığıldığı yerdə, Əllinci Gün bayramı zamanı Müqəddəs Ruhun üzərlərinə enməsi ilə başlayır (2-ci fəsil). Müqəddəs Ruh kitabda təsvir olunmuş bütün hadisələr boyu imanlı cəmiyyətini, onun rəhbərlərini yönəldir və qüvvətləndirir. Müqəddəs Ruhun fəaliyyəti kitabı səciyyələndirən vacib mövzulardan biridir.
Sonrakı mühüm fəsillər isə imanlılar cəmiyyətinin addım-addım böyüyüb şaxələndiyini təsvir edir. İsa Məsihin həvariləri gəzib-dolaşaraq Müjdəni yayırdılar və Allahın möcüzələri onları müşayiət edib söylədikləri həqiqəti aşkar edirdi. Həvarilərin İşləri kitabında yazılmış hadisələr imanlıların həyatında İsa Məsihin Müjdəsinin qüdrətini nümayiş etdirir.
Kitabın məzmunu:
1:1-11 İsanın son əmri və göyə qaldırılması
1:12-26 Yəhudanın yerinə Mattiyanın seçilməsi
2:1–8:3 Yerusəlimdə Müjdə yayımı
8:4–12:25 Yəhudeya və Samariyada Müjdə yayımı
13:1–28:31 Paulun xidməti
13:1–14:28 Paulun ilk müjdəçi səyahəti
15:1-35 Yerusəlimdəki məşvərət
15:36–18:22 Paulun ikinci müjdəçi səyahəti
18:23–21:16 Paulun üçüncü müjdəçi səyahəti
21:17–28:31 Paulun Yerusəlimdə, Qeysəriyyədə və Romada həbs olunması
1
İsanın göyə qaldırılması
1 Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir.
2 Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə əmrlər verdi.
3 Ölüm əzabını çəkəndən sonra həvarilərə çoxlu inandırıcı dəlillərlə Özünü diri olaraq göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Padşahlığı barədə danışırdı.
4 İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin.
5 Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız».
6 Həvarilər bir yerə toplaşanda İsadan soruşdular: «Ya Rəbb, İsraildə Padşahlığı indimi bərpa edəcəksən?»
7 İsa cavab verdi: «Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil.
8 Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüdrət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız».
9 İsa bunları deyəndən sonra həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlədi.
10 İsa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub
11 soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq».
Yəhudanın yerinə Mattiya seçilir
12 Bundan sonra həvarilər Zeytun dağı adlanan yerdən Yerusəlimə endilər. Bu dağ Yerusəlimin yaxınlığındadır, oraya olan məsafə Şənbə yolu qədərdir.
13 Onlar şəhərə girib qaldıqları evin yuxarı otağına çıxdılar. Oradakılar bunlar idi: Peter, Yəhya, Yaqub, Andrey, Filip, Tomas, Bartalmay, Matta, Halfay oğlu Yaqub, Millətçi Şimon və Yaqub oğlu Yəhuda.
14 İsanın anası Məryəmlə qardaşları və başqa qadınlar da həvarilərlə birlikdə dayanmadan dua edirdilər.
15 Həmin günlərdə təxminən yüz iyirmi bacı-qardaşdan ibarət olan toplantı arasından Peter qalxıb dedi:
16 «Qardaşlar, İsanı tutanlara yol göstərən Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi Müqəddəs Yazı sözləri yerinə yetməlidir.
17 Yəhuda bizə qoşuldu, bu xidmətdən ona da pay düşdü.
18 Bu adam etdiyi haqsızlığın haqqına bir tarla satın aldı, sonra da oradan kəlləmayallaq aşıb qarnı yırtıldı və bağırsaqları töküldü.
19 Bütün Yerusəlim əhalisi bunu eşitdi və o yeri öz dillərində “Haqal-Dema”, yəni “Qan tarlası” adlandırdı.
20 Axı Zəbur kitabında yazılıb:
“Məskəni viran olsun,
Kimsəsiz, boş qalsın”
və
“Vəzifəsini başqası tutsun”.
21-22 Buna görə də Rəbb İsanın aramıza gəlib-getdiyi müddət ərzində, yəni Yəhyanın vəftizindən başlayaraq Rəbb İsanın göyə qaldırıldığı günə qədər yanımızdakılardan bir kişi Onun dirilməsinə bizimlə birgə şahid olmalıdır».
23 Beləliklə, iki nəfəri – Barsabba çağırılan, həm də Yust adlanan Yusifi və Mattiyanı namizəd göstərdilər.
24 Sonra dua etdilər: «Ya Rəbb, Sən hamının ürəyindən xəbərdarsan. Bu iki nəfərdən birini seçib bizə göstər ki,
25 qoy onlardan biri bu xidmətə – həvari vəzifəsinə keçsin. Çünki Yəhuda öz yerini tutsun deyə bu işi atdı».
26 Sonra püşk atdılar. Püşk Mattiyaya düşdü və o, həvari sırasına – on bir nəfərin yanına keçdi.